Akupunktura(korporal, aurikoloterapiya)



Uzun illər ərzində təcrübədən çıxmış ənənəvi müalicə metodu olan Akupunktura qədim şərqdə yaranmışdır və tarixi 5000 il əvvələ qədər uzanır. Bu müalicə zamanı heç bir dərman preparatından istifadə olunmur.

İnsan orqanizmində həyati enerjinin sirkulyasiya etdiyi 5 aktiv meridian mövcuddur ki, akupunktura proseduru bədənin bu bölgələrinə iynə batırılmaqla orqanizmdə tarazlığı bərpa etməkdən ibarətdir.

Akupunktura tətbiqi 3 üsulla həyata keçirilir:

1. Korporal akupunktura - bədənin aktiv nöqtələrinə iynə batırılması;
2. Sucoku akupunktura - barmaq uclarına iynə batırılması;
3. Aurikoloterapiya - qulaq bölgəsinə iynə batırılması.

Ümumilikdə bədəndə 360-a yaxın aktiv nöqtə mövcuddur ki, həkim, qoyulan diaqnoz əsasında onlardan akupunktura üçün uyğun olacaq nöqtələri müəyyən edir. Buna görə də qeyd olunan prosedurun dəqiq, ətraflı diaqnoz olmadan həyata keçirilməsi mümkün deyildir. 

Akupunkturanın göstərişləri genişdir:

  • Nevroloji xəstəliklərdə ağrı sindromları, boyun-baş ağrıları, bel ağrıları, miqren, yırtıqlar və nevrotik reaksiyalarda, eləcə də həyəcan sindromları, panik ataklar, başgicəllənmə və yuxusuzluğun müalicəsində istifadə olunur
  • Daxili orqanlarin patalogiyalarında - lor patalogiyalarda, sinusit, qaymorit və frontitlərdə, allergik xestəliklərdə, bronxial astmada tətbiq edilir
  • Ginekologiyada daha çox yumurtalıqların polikistozlarında istifadə olunur
  • Son illər tətbiq kosmetologiyada da geniş yayılmışdır.
Bunlarla yanaşı, akupunkturanın aşağıdakı əks göstərişləri də mövcuddur:

  • Onkoloji xəstəliklərdə
  • İltihabi xəstəliklərdə
  • Daxili orqanlarda dekompensasiya dövründəki proseslərdə.
Akupunktura tətbiqi tam sakit şəraitdə keçirilir və 20 dəqiqədən 1 saata qədər çəkən müddətdə həyata keçirilir. Bu zaman 10 seans adətən yetərli olur. Prosedur zamanı istifadə olunan iynələr fərqli diametr və uzunluqda ola bilər və steril, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş iynələrdir.

Akupunktura yalnız xüsusi təhsil almış həkimlər tərəfindən həyata keçirilə bilər, buna görə də müraciət etdiyiniz həkimdən mütləq uyğun sertifikat tələb etməlisiniz.

Tətbiqin 3 üsulundan bir olan Aurikolaterapiya, yəni qulağın aktiv nöqtələrinə iynələrin batırılması, zərərli vərdişlərdən xilas olmaq, adətən siqareti atmaq və arıqlamaq üçün istifadə olunur, demək olar ki ağrısızdır. Müddəti individual olaraq dəyişən prosedur, əsasən 1-2 həftə çəkir.

Beta endorfin deyilən və insana rahatlıq gətirən maddənin miqdarı siqaret çəkən insanlarda, nikotinin bədənə daxil olması ilə artır. Aurikolaterapiya vasitəsilə beta endorfin bədəndə 48 saata qədər qalır, beləliklə də siqaretə olan istəyin də azalmasına səbəb olur.

Eyni zamanda siqaret çəkmədikdə pasiyentdə yaranan stress, gərginlik səviyyəsi də akupunktura tətbiqi zamanı azalır. Bu prosedurdan sonra pasiyent yenidən siqaret çəkmək istəyərsə və ya yanında siqaret çəkilərsə burnuna pis qoxu və ya ağzına pis dad gələcəyi üçün bundan imtina edəcəkdir.

Çəki atmaq istəyən pasiyentlər üçün, Aurikoloterapiya, istər stress və əsəbdən yaranan iştahı, istərsə də vərdiş olaraq formalaşmış iştah çoxluğunu azaldır. Eyni zamanda ac qaldıqda mədədə yaranan turşuluq, yanma, qazınma kimi hissləri aradan qaldırmağa da kömək edir. Bunun səbəbi beyindən mədə-bağırsağa gedərək turşuluğu, beləliklə də aclığı artıran nervus vagus sinirinin bir lifinin qulaqda yerləşməsidir ki, aurikoloterapiya zamanı bu nöqtəyə iynə batırılır və sinir tormozlandığı üçün aclıq da yaranmır. Bu tətbiq, aclıq zamanı yarana biləcək stress və halsızlığı azaltmaqla yanaşı, metobolizmanı da sürətləndirir.