Diskogen radikulopatiya(protruziyalar, yırtıqlar)


Fəqərəarası diskin protruziyası, diaqnostikası və müalicəsi

Onurğa fəqərələrdən ibarətdir. Bu fəqərələrin arasında disklər yerləşir. Disklər amortizasiya funksiyanı yerinə yetirir. Hər disk fibroz halqadan və pulpoz nüvədən ibarətdir. Müxtəlif səbəblərə görə (irsiyyət, travma, ağır fiziki gərginliklər, qamətin pozulması) disk fəqərə cisminin sərhəddindən kənara qabara bilər. Diskin 5-6 mm kimi fəqərələrin arasından qabarması protruziya adlanır. Bu zaman fibroz halqanın tamlığı pozulmur. Protruziya fəqərəarası yırtığının ilkin mərhələsidir.

Protruziyanı əməliyyatsız müalicə etmək mümkündür. Lakin xəstəlik dərinləşərsə, növbəti "ekstruziya" mərhələsinə keçərsə (disk daha çox qabarır, fibroz halqa yırtılır, pulpoz nüvə çölə çıxır) bu halda cərrahi əməliyyatının tətbiqi tələb oluna bilər.

Bu səbəbdən "protruziya" diaqnozu qoyulduqdan dərhal sonra xəstəliyin müalicəsinə başlamaq lazımdır. Protruziyanın diaqnostikası zamanı rentgenoloji müayinə, KT və ya MRT müayinələri tətbiq edilir.

Protruziya daha tez-tez onurğanın bel, sonra boyun və nadir hallarda döş hissəsində inkişaf edir. Protruziyanın yerləşməsindən asılı olaraq xəstədə xarakterik ağrılar və müxtəlif pozulmalar meydana çıxır.

Protruziya onurğanın bel hissəsində hətta 18 yaşında inkişaf edə bilər. Simptomları arasına bel nahiyəsində sızıldayan ağrılar daxildir. Ağrılar uzunmüddətli oturma, uzanma, yerimə və ya ayaq üstə dayanma zamanı inkişaf edir. Bəzən ağrılar çox güclü, kəskin, dözülməz olur. Xəstəlik inkişaf etdikcə ayağın arxa hissəsində (sağrıdan pəncəyə kimi) dartıcı ağrılar əmələ gəlir, pəncələr keyiyir, sancma hissi yaranır. Həmçinin xəstəni baş ağrıları da narahat edə bilər. Ağır hallarda yerişin, defekasiyanın pozulmaları, iflic inkişafı da mümkündür.

Protruziya onurğanın boyun nahiyəsində inkişaf etdikdə əvvəl boyunda ağrılar əmələ gəlir, xəstə başını çevirə bilmir, bəzən ağrılar çox güclü, kəskin olur. Daha sonra ağrılar qolda hiss olunmağa başlayır, dartıcı olur, xəstə qolu ilə çətinliklə hərəkət edir, qolda qarışqalanma hissi, keyimə yaranır, həssaslıq azalır, xəstəni baş ağrıları narahat edir, boyun əzələləri zəifləyir.

Protruziya onurğanın döş nahiyəsində nadir hallarda inkişaf edir. Əsas simptom - kürək və ürək nahiyələrində ağrıların olmasıdır.

Protruziyanın müalicəsi ixtisaslaşdırılmış klinikada nevroloq, vertebroloq, manual terapevt həkimlərinin iştirakı ilə aparılmalıdır. Müalicə kompleks şəkildə aparılır. Müalicə zamanı qeyri-steroidli iltihabəleyhinə, ödem əleyhinə, spazmı aradan qaldıran dərman vasitələri istifadə olunur. Həmçinin fizioterapiya, müalicəvi bədən tərbiyəsi, manual terapiya kimi müalicə üsullarından da istifadə olunur.