Depressiya və onun əlamətləri


Həyatı boyunca hər 100 kişidən 10-nun və hər 100 qadından 20-nin depressiya keçirdiyi araşdırmalarla müəyyən olunmuşdur.

Depressiyanın əsas simptomlarına aşağıdakılar aiddir:

• əhvali-ruhiyyənin enməsi (bütün gün ərzində və ya günün çox hissəsi ərzində);
• marağın və zövq (həzz) alma hissinin itirilməsi;
• fəallığın azalması və tez yorulma;

Depressiyanın əlavə simptomlarına isə bunları aid etmık olar:

• diqqəti cəmləşdirmək qabiliyyətinin enməsi;
• özünüqiymətləndirmənin və özünə inamın enməsi;
• qeyri-adekvat günahkarlıq və özünü kiçiltmə fikirləri;
• gələcəyə bədbin və ümidsiz baxışlar;
• özünəxəsarətə və ya suisidə yönəlmiş fikirlər və ya hərəkətlər;
• yuxunun pozulması;
• iştahanın azalması.
 
Gizli depressiyada olan insanlar düşdükləri depressiv düşüncələrin və hisslərin özlərinə hər hansı təsir göstərdiyini qəbul etmir, yaşadıqları bu depressiv düşüncə və hisslərin zamanla keçəcəyini düşünürlər. Lakin psixologiyanızda olan bu dəyişikliklərə biganə qalmaq, daha böyük narahatlıq və təkliyə səbəb olur.
 
Sadalanan əlamətlər sizdə və yaxud hər hansı bir yaxınınızda varsa, mütləq həkimə müraciət edilməlidir:
 
Yuxusuzluq və yuxu pozğunluğu. Yemək, içmək və yuxu rejimindəki dəyişikliklər nəyinsə yolunda olmadığını göstərir. Yuxu, bədən və zehni sağlamlığın əsasını təşkil etdiyi üçün yuxu rejimindəki dəyişikliklərə diqqət yetirmək lazımdır.
 
Gəzintiyə çıxmamaq və yaxınlarla vaxt keçirməmək üçün daim bəhanələr tapmaq. Hər birimiz zaman-zaman tək qalmaq istəyirik. Ancaq gizli depressiya yaşayan insanlar getdikcə sosial mühitdən uzaqlaşmağa başlayır, hətta ən yaxın dostları ilə də görüşməməyə səbəb axtarırlar.
 
Həmişəkindən daha həssas davranmaq. Gizli depressiyada olan insanlar, adi hadisələrə həmişəkindən daha həssas reaksiyalar verə bilərlər.